Röya

Röya

Dekabr 13, 2017 Uğur Hekayələri 0

Azərbaycanda ən çox ehtiyac duyulan xidmətlərdən biri Röyanın həyatını dəyişdi: İndi o,toyuq damında yaşamağa məhkum deyil…  

Sosial işçilər vətəndaşlar və dövlət orqanları, xidmətlər və mövcud ehtiyatlar arasında körpü rolunu oynayır. Bu gün sosial iş Azərbaycanda ən çox ehtiyac duyulan xidmətlərdən biridir! Sosial müdafiəyə ehtiyacı olan insanlar üçün “Ünvanlı Sosial Yardım” adlı xüsusi dövlət proqramı mövcud olsa da, bir çox insanın bundan ya xəbəri yoxdur, ya da ondan necə yararlanmaq lazım olduğunu bilmir.
Siyəzəndən olan, 3 uşaqla çətin həyat yaşayan Röya onlardan biridir. İki uşağı epilepsiya və bronxial astmadan əziyyət çəkir. O, ailəsi və uşaqlarının qayğısına qalmayan ərindən boşanıb. Boşandıqdan sonra iki qardaşı və onların ailələrinin də birgə yaşadıqları valideynlərinin evinə qayıdıb. Onun və uşaqlarının qala biləcəyi otaq olmadığından, onlar həyətdəki toyuq damını təmir edib, orada yaşamağa başlayıblar . Ancaq bronxial astmalı uşaqla belə acınacaqlı şəraitdə yaşamaq mümkün deyildi. Qızı xəstəliyinə görə dərslərdə müntəzəm iştirak edə bilmirdi.

Röyanın uşaqları ilə yaşadığı toyuq damı

Bütün bu çətinliklərə baxmayaraq, Röya uşaqlarının qayğısına qalmağa davam edir və heç vaxt onları dövlət sosial müəssisələrinə yerləşdirmək haqqında düşünmürdü. Atası və qardaşları ona kiçik ev tikmək qərarına gəlir. Dostlar və qonşular ailənin kasıb olduğunu bilir və bacardıqca onlara yardım edirdilər. Röya onların faydalana biləcəyi sosial və sağlamlığa görə müavinətlərdən xəbərsiz və pulsuz tibbi yardım haqqında məlumatsız idi.
UAFA-nın sosial işçisi ilə tanışlıq onu bütün problemlərini həll edə biləcəyinə inandırdı. Sosial işçidən yardım aldıqdan sonra həyatı tamamilə dəyişdi. O, artıq toyuq damında yox, digərləri kimi normal evdə yaşayır. UAFA-nın təmin etdiyi pulla yarımçıq qalmış evini tikə bildi; uşaqların vəziyyəti getdikcə yaxşılaşır və onlar artıq dərslərdə müntəzəm iştirak edirlər. O, həmçinin UAFA-nın sosial işçisinin ona verdiyi məsləhət və dəstəkdən sonra pulsuz tibbi yardım, ünvanlı sosial yardım və uşaqları üçün sağlamlığa görə müavinət də alır.

Röyanın yeni evi

İndi sosial iş çox vacib məsələdir, sosial iş dövlət səviyyəsində həyata keçirilərsə, aşağıdakı nəticələrə nail olmaq olar:
• Yeni iş yerləri yaradıla bilər;
• Müvafiq universitetlərin məzunları peşəkar sosial işçi kimi ölkəmizə töhfə vermək üçün öz ixtisaslarına uyğun olaraq işləyə bilərlər;
• Heydər Əliyev Fondu, Prezident və Prezident Administrasiyası, müxtəlif nazirliklər, özəl biznes müəssisələri və təşkilatları, tanınmış şəxslərə gələn şikayət və yardım məktubları əhəmiyyətli dərəcədə azala bilər;

• Dövlətə qarşı mənfi yanaşma, şikayət və gərginlik həll edilə bilər; intihar halları azala bilər;
• Həssas təbəqədən olan, kasıb, əlilliyi olan insanların problemləri zamanında və effektiv həll oluna bilər