Uşaqların inkişafında valideyn məsuliyyəti – İlhamə Rəsulova

Uşaqların inkişafında valideyn məsuliyyəti – İlhamə Rəsulova

07 Avqust 2018 Layihə xəbərləri 0

Son aylar müntəzəm olaraq intihar xəbərləri alırıq. Xüsusən, qəbul imtahanları ərəfəsində ali məktəblərə qəbul olunmaq istəyən, lakin az bal toplayaraq bu stress altında canına qıyan gənclər barəsində üzülərək eşitdik. Ağılları isə tək bir sual qarışdırır.

Niyə? Nə səbəbə? Ali məktəbə daxil olmaq arzusu həyatdan dahamı qiymətlidir?

Yoxsa bu valideyn-övlad arasındakı ünsiyyətin uçuruma dönməsi üzündən baş verir? “Uşaqların inkişafında valideyn məsuliyyəti”, “Necə doğru valideyn olmalı?”, “Valideynlərin ən böyük səhvi nədir?” suallarına  “Buta” Humanitar Uşaq Fondunun pezidenti Nazim İbadovla söhbətdə cavab tapmağa çalışdıq.

– Nazim bəy, öncə istərdim fondunuzun fəaliyyəti barəsində qısa məlumat verəsiniz.

– Buta Humanitar Uşaq Fondu 1994-cü ildə  yaranıb, 1995-ci ildə rəsmi qeydiyyatdan keçib. Ölkənin ən qocaman QHT-lərindən biridir. Düzdür, adı fond kimi qeydə alınıb, lakin əslində İctimai Birlikdir. Payızda Ədliyyə Nazirliyyinə təşkilatın adının dəyişməsi ilə bağlı müraciət edəcəyik. Əslində əsas olan ad deyil, fəaliyyətdir. Bizim təşkilat fəaliyyətə başladığı ilk dövrdə əsas iş olaraq qaçqın və köçkünlərlə işləyib. Bildiyimiz kimi 90-cı illərin ortalarında Azərbaycan üçün çox çətin bir dövr idi. Biz o zaman icmalarla işi qarşıya məqsəd qoyduq. Sabirabad, Saatlı, Bakı kəndləri və Bakıətrafı qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərə psixoloji reabilitsiya xidməti göstərirdik.

– İcma vətəndaş cəmiyyətinin özəyidir deyə bilərikmi?

– İcma demişkən mən ilk növbədə onu deyərdim ki, Azərbaycanda  güclü icma qurmaq, icma olaraq fəaliyyət göstərmək mədəniyyəti formalaşmayıb, başqa sözlə desək belə təcrübə yoxdur. Uzun illər Sovet psixologiyası ilə yaşamış insanlar olaraq bizlər hələ də hər şeyi dövlətdən  gözləyirik. Mən dəfələrlə icmalarla işləmişəm – məktəblərdə, qəsəbələrdə, təhsil ocaqlarında. İndiki nəsil valideynlər Sovet ideyası ilə böyümüş insanlardır. Onlar düşünürlər ki, məktəbə uşağı təhvil verdim bitdi. Məktəb ona tərbiyə və əla təhsil verməyə borcludur. Amma bu belə deyil. O Sovet dövrü idi, dövlət deyirdi, sən uşağı dünyaya gətir ver mənə, mən özüm onu böyüdəcəm və ideologiya əsasında yetişdirəcəm. Azad bazar iqtisadiyyatı dövründə sovet təxəyyülü ilə yaşamaq olmaz. Düzgün övlad tərbiyəsi üçün ilk növbədə valideyn özü ziyalı olmalı, bilməli, dərk etməlidir. Cahil insanın verdiyi tərbiyə ilə cəmiyyətə və özünə faydalı olan fərd yetirmək absurddur. Sovet ideologiyası Azərbaycanda yüz illər ərzində formalaşmış ailə, böyükdən kiçiyə ötürülən tərbiyə sistemini pozdu.

– Fondun nəzdində peşəkar psixoloqlar da fəaliyyət göstərirmi?

– Layihələrimiz çərçivəsində biz mütləq peşəkar mütəxəssilərin təcrübəsindən faydalanırıq.

Qeyd etdiniz ki, təşkilatınızın ilk fəaliyyətə başladığı dövrdə əsasən qaçqın və köçkün şəhərciklərində psixoloji reablitasiya proqramlarını əsas götürürdünüz. Bəs hazırda təşkilatınız tam olaraq hansı istiqamətdə fəaliyyət göstərir?

-Biz fiziki məhdudiyyətli uşaqların təhsilə cəlb olunmasına, təhsil prossesindən kənarda qalan şagidlərin təhsilə cəlb olunmasına diqqət  göstərməyə çalışırıq. Hazırda uşaq problemləri deyərkən bizi iki amil maraqlandır – təhsil ocağı və uşağın böyüdüyü ailə, valideyn.Təhsildən yayınmanın müxtəlif səbəbləri ola bilər. Məsələn, valideyn tərəfindən uşaq məktəbə buraxılmaya bilər. Uşaq küçə uşağı ola bilər, fiziki məhdudiyyətləri olduğu üçün təhsildən geri qala bilər. Hazırda təşkilatımız məhz təhsil problemləri ilə maraqlanır.

 

Belə durumlarda konkret olaraq nə şəkildə kömək edirsiniz? Valideynlə söhbətmi?

– Bilirsizmi, 1 valideynlə söhbət etməklə hamısının fikrini öyrənmiş olmuruq. Burda biz məsələyə sistematik yaxınlaşmalı, kökündən həllinə nail olmalıyıq. Sistem qanundan, qanunverici və icraedici strukturlardan ibarətdir. Əgər bu strukturlardan dəstək almasaq təşkilatın sadəcə əməkdaşlarının sayı yetməz ki, hamı ilə bir-bir söhbət etsin. Çalışırıq müxtəlif səviyyələrdə icra stukturları ilə iş aparaq. Məktəb direktorları, polislərlə iş aparmışıq. Təhsil ili başlamazdan hər məktəb direktorunda proqnozlar olur ki, onlar da bunu Təhsil Nazirliyinə verirlər. Bu proqnozlar uşaq poliklinikalarından gələn uşaq sayı əsasında tərtib edilir. Əgər dərsə gələn uşaq sayı proqnozdakından fərqlənirsə, demək problem var. Biz əslində bir-bir valideynlə söhbət etməkdən çox, bu işlərin icra olunub olunmamasına nəzarət edirik. Biz direktoru xəbərdar edirik, o valideynlə söhbət etməli, əgər nəticə alınmırsa bu qanuni yolla həll olunmalıdır. Çox təəssüf ki, iş bu səviyyəyə çatanda hər kəs deyir ki, ailənin işinə qarışmaq olmaz. Uşaq hüquqlarından söhbət gedərkən məlum olur ki, onun hüquqlarını çox vaxt elə öz ailəsi, valideynləri pozur. Uşaq zorakılığından söhbət düşən kimi “Valideyn valideyndir, uşaq uşaqdır. Uşaq nədir fikir bildirdi nədir. Valideyn uşağını döyər” və s. kimi fikirlər ortaya atılır.

– Ümumiyyətlə, yerindən və zamanından asılı olaraq mentalitet çox sürüşkən məfhuma dönür. Mentalitet yeri gələndə öldürən namusa çevrilir, el nə deyər söhbəti ilə kiminsə taleyinin göy əskiyə bürünməsinə, ana –bacı söhbətinə çevrilir.

– Bəli, savadsız insanların əlində mentalitet təhlükəli silahdır. Mənim mövqeyimə görə, söhbət bizim gələcəyimizdən, uşaqlarımızın taleyindən gedirsə bura mentaliteti qarışdırmaq düzgün deyil. Valideyni niyə bu qədər qoruyuruq? Valideynin nöqsanı varsa araşdıraq görək o niyə belə edir? Əslində əksər hallarda valideynlər valideyn olmağı bacarmırlar. Problemin kökü bundadır. Bəlkə problem onda deyil. Problem bizdədir. Bu bizim təqsirimizdir. Biz maarifləndirən məlumatlandıran  sistem qura bilməmişik. Bu mənada KİV-lər, televiziyalar böyük rol oynamalıdır. Amma yetərli fəaliyyət göstərilmir. Bizdə ictimai telekanal var. O cəmiyyətə  günün nəbzinə uyğun mesajlar verməyə borcludur. Bu kimi problemləri işıqlandırmalıdır. Özəl kanallarla işim yoxdur. O özəldir. Amma dövlətimiz ictimai kanal açıbsa o, sosial problemlərin işıqlandırılmasında fəal iştirakçı olmalıdır.

– Sizcə xarici donorların itirilməsi ilə cəmiyyət nə itirdi?

– Bizim əvvəlki illərdə olduğu qədər donorlarımız yoxdur. Qanunlar xarici donorlarla əməkdaşlığı qadağan etdikdən sonra, QHT-lərin maliyyələşməsində çətinliklər yarandı.

Bilirsinizmi mənim üçün həmişə əsas peşəkarlıqdır. Mən təşkilata kimisə üzv seçədə onun siyasi baxışlarına baxmıram. Mən özüm də siyasətdən uzaq insanam. Sadəcə onu deyə bilərəm ki,  Liviya kimi ərəb baharı yaşayaraq xarabaya qalmış ölkələri görəndə düşünürəm ki, biz heç nə itirmədik. Bu cəmiyyətin sağlamlaşdırılması yönündə atılmış  lazımi addım idi. Onların fəaliyyəti Azərbaycanın dövlətçiliyinə zərbə vuracaq səviyyədə idi.

Necə düşünürsünüz, 20  il ərzində Azərbaycanda fəaliyyət göstərən  təhsil müəssisələri, əqli və fiziki məhdudiyyətli uşaqların təlim-tərbiyəsi ilə məşğul olan dövlət müəssilərində bir dəyişiklik olubmu?

– Yuxarıda da qeyd etdim, biz bu sahədə çoxdan fəaliyyət göstəririk. Mən UAFA təşkilatının rəhbəri Qven xanımla uzun illərdir tanışam. Qven xanım bu sahədə həm çox əziyyətlər çəkib, həm də çox böyük işlər görüb. O, 1997-ci ildə fəaliyyətə başlayanda sıfırdan başalyıb. Bakı ətrafı qəsəbələrdə yerləşən internatlara çox gedirdi. Bu internatların rəhbərləri mənəvi cəhətdən pozulmuş insanlar idi. Onları uşaqların taleyi yox, ordan əldə edəcəkləri qazanc maraqlandırıdı. Məsələn, televizor alırdın uşaqlara, 3 gün sonra müdir aparıb satırdı. Yəni bunu o rəhbərliyin özü də bilirdi ki, sistemdə problem var, məsələ tək həmin müəssisənin rəhbərliyindən asılı deyildi. Qven bütün bunları görə-görə gəldi, öyrəndi. Əzmlə irəlilədi və çox böyük uğurlar qazandı. Sizcə o bunu nə üçün edir? Cavab sadədir İnsan olduğu üçün. Sadəcə insaniyyət naminə.

 

Sizcə indi o sistem köklü dəyişibmi?

-Ən azından indi belə mərkəzlərin  başında oturan insanlar dərk etməyə başlayıblar. Məsuliyyətli olublar. Xeyli irəliləyiş var. İndi vəzifə başında problemlə tanış olmayan insanlar dayanmır. Uşaqlara canı yanan, qayğı göstərən direktorların olması sevindirici faktdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir