Məişət zorakılığına məruz qalan uşaqlar potensial qurbanlardır – İlhamə Rəsulova

Məişət zorakılığına məruz qalan uşaqlar potensial qurbanlardır – İlhamə Rəsulova

24 İyul 2018 Layihə xəbərləri Məqalələr 0

Bu günlərdə aldığım dəhşətli bir xəbər sözün həqiqi mənasında ürəyimi göynətdi. Kürdəmir rayonunda ögey ata 5 yaşlı oğulluğunu ağacla döyərək öldürmüşdü. (http://modern.az/az/news/172208#gsc.tab=0)

 Bu Azərbaycanda məişət, ailə münaqişələri zəminində baş verən onlarla cinayətdən yalnızca biridir. Qadın susur,qadın dözür. Bəzən də laqeydliyə yol verir. Nəticə olaraq məsum  uşaqlar həyat yolunun ən başında ən ağır yüklə yüklənmiş olurlar.

Ailə münaqişələrində hər zaman qurban roluna uşaqlar düşürlər. Fiziki zərbə almasalar belə mütləq şəkildə mənəvi, psixoloji travmalar yaşayırlar. Ölkə konstitusiyasında uşaqların müdafisini nəzərdə tutan xüsusi maddələr, qanunlar sözsüz ki, var. O cümlədən, respublikamızda ailə, qadın, uşaq probelmləri ilə məşğul olan dövlət komitəsi və qeyri hökumət təşkilatları fəaliyyət göstərir. Gördükləri iş yetərlidirmi? Daha hansı işləri görmək olar? Görülən real işlər nələrdir, hansı nəticələr alınıb? Bütün bu suallarımıza Sumqayıt Qadın Təşəbbüsü  və Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin hüquqşünası Ruslan Mustafazadə cavab verir:

  • Ruslan bəy, öncə istərdim təşkilatınız barəsində qısa məlumat verəsiniz.

-Təşkilatımız 2003-xü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatından keçib. Həyata keçirdiyimiz layihələrin əsas istiqaməti qadın və uşaqların hüquqlarının müdafiəsinə yönəlib. Məqsədimiz problemli ailələrə sosial dəstək verməkdən ibarətdir.

-Təşkilatınızın maliyyələşmə mənbəyi hardandır?

– Beynəlxalq təşkilataların, QHT-lərə dəstək Dövlət Şurasının maliyyəsi ilə layihələr həyata keçiririk. Hazırda DSMF tərəfindən məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım mərkəzinin yaradılması və fəaliyyət göstərməsi istiqamətində bir layihə həyata keçiririk.

-Bu layihə çərçivəsində mənəvi dəstəyə ehtiyacı olan ailələrə konkret hansı yardım göstərilib?

-Pedaqoq xidməti, tibb bacısı xidməti, psixoloq və hüquqi yardım xidməti göstəririk. Sadəcə zorakılığa məruz qalan uşaqlara deyil, onların ailələrinə də yardım göstəririk. Nümunə üçün deyə bilərəm ki, hüquqi ximdət üçün müraciət edənlərdən 1 nəfərin alimentin miqdarının qaldırılmasına dair iddiası təmin edilib, 1 nəfərə göstərilən xidmətin nəticəsində yaranmış aliment borcunun ona ödənilməsini təmin etmək, 1 nəfərə göstərilən xidmətin nəticəsində benefesiarın övladının uşaq baxçasına qəbul edilməsi mümkün olub. Müraciət edənlərdən bir nəfərin qəyyumluq məsələsi həll edilib və öz övladları ilə birləşib. Benefisiarlardan 6 nəfər psixoloji xidmətdən yararlandıqdan sonra hüquqi müstəvidə öz hüquqlarını müdafiə etməyə başlayıb ki, bu da çox önəmlidir.

Xidmətin nəticəsində iki nəfər benefisiarda intihara meyillilik dəf edilib. Bu bizim may -iyun ayları ərzində  gördüyümüz işlərə dair hesabatdan götürülmüş materialdır.

-Ailə məişət zorakılığı probleminin həlli zamanı ən çox rastlaşdığınız çətinlik nədir?

– Qarşıya çıxan çətinliklərdən ən vacibi xidmətlər üçün müraciət edən kişilərin psixoloji xidmətdən yararlanmağa meyl göstərməmələridir. İkincisi də, qadınların öz hüquqlarının müdafiəsi üçün məhkəmələrə və polis orqanlarına müraciət etməkdən çəkinməsi qarşıya çıxan çətinliklərdən biridir.

Məlum məsələdir ki, ailə içi dramların yaşanmasında ən böyük rolu iqtisadi çətinlik oynayır. Demək olar ki, problemlərin 80 faizinin kökündə imkansızlıq dayanır. Təşkilat olaraq, işə düzəltmə, birdəfəlik maliyyə yardımlarının verilməsi və ya hər hansı sosial yardımların verilməsinə kömək edə bilirsinizmi?

– Bəli problemləri cəm halına salsaq, hamısının ortaq nöqtəsi maliyyə problemidir. Biz ailələri dəyərləndiririk, əgər sosial yardım almaq mümkünsə kömək edirik, işə düzəltmə mərkəzlərinə yönəldirik. Sosial işçilərimiz plan əsasında hərəkət edirlər.

– Nümunə üçün konkret  kömək edib, nəticə əldə etdiyiniz ailə varmı?

-Var. Problem budur ki, bizə müraciət edənlər də axıra qədər addım atmırlar, çox zaman geri çəkilirlər. Mühafizə orderi deyilən bir məfhum var. Əgər qadın zorakılıq görürsə, mütləq şəkildə onun uşağı da bu zorakılığı görür. Ən azından psixoloji sarsıntılar yaşanır. Mühafizə orderləri şəhər icra hakimiyyətləri tərəfindən verilir. Əslində icra hakimiyyətləri özləri bu order hansı halda verilməlidir, nə qədər müddətə verilməlidir kimi suallara cavab tapa bilmirdi. Son dövrlərdə İcra Hakimiyyətində baş verən məlumatlanma Ailə Qadın və Uşaq Problemi Dövlət Komitəsinin apardığı təlim və seminalrlar nəticəsində  yarandı.

 Biz müraciət edərək, həyat yoldaşının zorakılığına məruz qalan qadına mühafizə orderi ala bilmişik. Əvvəllər bu çox uzun və çətin prosedur idi. Sadəcə məsləhət və tövsiyə verirdilər, problem həll olunmamış qalırdı. Son il yarımda bu istiqamətdə irliləyiş var. Dağılan ailələrin birləşməsinə də nail olmuşuq  ki, bunu da böyük nəticə hesab edirəm. Bu işdə göstərilən  psixoloji və hüquqi xidmətlər böyük rol oynayıb.

-Buna necə nail ola bilmisiniz?

-Problemli ailələrdə tərəflərlə söhbət aparılıb. Sosial işçilərimiz monitorinq keçiriblər, psixoloq söhbətləri və hüquq məsləhətləri ilə yardım edə bilmişik.

– Boşanan ailələrdə ata əlildir və ya ruhi xəstədirsə, aliment məsələsi problemə dönür. Yəni adam özü xəstədir. Özünün baxıma ehtiyacı var. İmkanı yoxdur. O necə aliment verməlidir? Ortada qalan uşağa axı dövlət sahib çıxmalıdır. Yəni, o mənada ki, bu uşaqlara maddi yardım göstərilməlidir. Söhbət uşağın alınıb uşaq evinə verilməsindən getmir. Görünən isə odur ki, maddi çətinlik səbəbi ilə bir çox uşaqlar yarıac yaşayır, təhsilədən yayınır, işə cəlb olunur.

-Təxminən iki il əvvəl qeyd etdiyiniz problemlə bağlı Milli Məclisdə məsələ qaldırıldı ki, aliment fondu yaradılsın. Dediyiniz problemi olan ailələrin uşaqlarının alimentinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Təssüf ki, bu proqram hələ də layihə olaraq qalır.

-Belə olan halda təşkilat olaraq siz necə kömək edə bilirsiniz?

Əgər ata xaricə gedib tapılmırsa və ya aliment verməyəcək qədər imkansızdırsa ünvanlı sosial yardım almağa kömək edirik, bu da hər zaman həllini tapmır. Çünki ünvanlı sosial yardımın verilməsində süründürməçiliyə yol verilir, həddən çox sənəd tələb olunması səbəbi ilə bəziləri heç müraciət edə bilmirlər. Qoyulan qaydalar da sərtdir. Adamın adında torpaq sahəsi varsa maddi yardım ala bilmir. Axı torpağın olması onun gəlir əldə etməsi demək deyil. Bu mənada hər şey yalnız bizdən asılı deyil.

 

-Bəs bu sosial probelmin həll yolunu necə görürsünüz?

-Əgər şəxs əlildirsə, fəaliyyət qabiliyyətsizdirsə 80 manat pensiya alır. Amma 2 uşağa görə 180 manat aliment kəsilir. Bu ata 80 manat pensiya ilə 180 manat alimenti necə verməlidir? Bu artıq şəxsin və ananın problemi olmaqdan çıxır. Əgər yaşayış minimumu uşaq üçün 154 manat təyin olunubsa, II qrup əlil ata 80 manat pensiya alırsa, demək ki, bu məsələ dövlət qurumları tərəfindən həllini tapmalıdır. Xarici təcrübəyə üz tutsaq  görərik ki, orda minimum gəlirlər yaşayış minimumdan dəfələrlə artıqdır.  Əslində dövlət səviyyəsində görüləcək işlər çoxdur. Boşanma işləri ilə bağlı çoxlu problemlər yaranır. Ailə dağıldıqdan sonra  yuxarıda qeyd etdiyimiz kimi, aliment məsləsi problem olaraq qalır. Qadın mənzillə təminatda çətinliklərlə qarşılaşır. Məsələn  ərin evi öz atasının adınadırsa boşanma zamanı qadına o evdən pay düşmür. Bütün bu məsələlərin həlli yönündə dövlət proqramının hazırlanması vacibdir. Sosial işçilər  üçün ştatın açılmaması, dövlət tərəfindən bu peşənin hələ də rəsmi olaraq tanınmaması özü bir problemdir. Halbuki, bu gün cəmiyyətimizdə buna daha çox ehtiyac hiss olunur. Görünən odur ki, cəmiyyətimizdə aşınmalar, əyilmələr artmaqdadır. Hər gün eşitdiyimiz intihar, təcavüz  xəbərləri belə deməyə əsas verir. Çıxış yolunu tapa bilməyənlər çarəni intiharda görürlər.

Sosial işçilər, ailə psixoloqları ailələrdə hələ problem böyüməmiş iş apararlarsa uşaqlar ailə zorakılığından daha az yara almış olarlar.

İlhamə Rəsulova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir