Azərbaycanda sosial işin təşkili

Azərbaycanda sosial işin təşkili

24 Avqust 2018 Layihə xəbərləri 0

Aygün Musayeva, Azərbaycan Universitetində Sosial İşin Təşkili Kafedrasının müdiri

-Aygün xanım, Azərbaycanda sosial işin tədrisi tarixi nə zamandan başlayır?

-Sosial işin təşkilinin tədrisinə Azərbaycanda 2005-ci ildə Bakı Dövlət Universitetində magistr dərəcəsi üzrə başlanılb. Daha sonra 2009-cu ildə Azərbaycan Universitetində müvafiq kafedra açılıb, bakalavr təhsili ilə başlanılıb. Hazırda 8 ali məktəbdə və 2 kollecdə sosial işin təşkili fənni tədris edilir, sosial işçi ixtisası verilir. Əslində sosial xidmət haqqında Azərbaycan Respublikasının 2011-ci ildə qüvvəyə minmiş qanununa əsasən, sosial işçi yalnız bakalavr dərəcəsi olan şəxslər arasından seçilməlidir. Bu bakalavr dərəcəsini də Azərbaycanda ali məktəblərində verilir. Bir də magistr dərəcəsində sosial işçilər var, ixtisasın adı “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” olaraq gedir.

-Azərbaycana sosial işçi ştatı varmı?

-Azərbaycanda uzun illərdir, təhsilli sosial işçilərin apardığı bir mübarizə var ki, biz hələ də burdan qalib çıxa bilməmişik. Azərbaycanda sosial işçi və sosial xidmətçi anlayışları həmişə bir-birinə qarışdırılar. Sosial xidmətçilər adətən hələ Sovet dönəmində də var idi. Onlar sosial xidmət sektorlarının nəzdində fəaliyyət göstərir, ehtiyacı olan tənha, yaşlı adamlara, fiziki problemi olan şəxslərə xidmət göstərirdilər. Onların alış- verişini edir, xəstələnərkən dərmanlarını alıb gətirirdilər , bir sözlə qayğı göstərirdilər.Sosial işçilər isə tamamilə fərqli mütəxəssislərdir.

-Nədədir bu fərq, sosaial işçi nə deməkdir?

-Sosial iş 3 səviyyədə həyata keçirilir- mikro, mezo və makro səviyyə. Mikro səviyyədə iş o deməkdir ki, sosial işçi icmada olan hər hansı bir şəxsin probleminin aşkara çıxarılmasında bir başa iştirak edir. Problemin nədən qaynaqlandığını aydınlaşdırır və ona dövlət tərəfindən necə kömək edilə bilər, hansı xidmətlər göstərilməlidir, bunları araşdırır və yol göstərir. Mövcud resursları həmin problemin həllinə yönəldir. Qayğı planı hazırlayır.

Mezo səviyyədə xidmətə sosial iş sahəsində təhsili, o cümlədən icmanın və cəmiyyətin problemlərinə diqqətin cəlb edilməsi və poblemin həllinin tapılmasına aid etmək olar. Makro səviyyədə işi izah etmək üçün bir misal çəkim – deyək ki, əhalinin müəyyən bir kütləsinin, məsələn fiziki məhdudiyyəti olan kütləsinin hansısa bir problemi var. Sosial işçi bu probemi görür, hardan qaynaqlandığını araşdırır. Deyək ki, fiziki problemləri olan şəxslərin nəqliyyatdan istifadə problemi var.O bunun üşün lobbiçilik edir, dövlət səviyyəsində təklif qaldırır, hansısa proqramların işlənib hazırlanmasında bir başa iştirak edir.

Bizdə təsəvvür edin ki, bu işləri görməli olan mütəxəssislə sosial xidmətçi işi qarışdırılır.Biz bunun dövlət səviyəsində qaldırılmasını, aydınlaşdırılmasını istəyirik, sosial xidmətçi problemin həll yolunu lazımi müdaxilə metodlarını bilmir. Sosial işçi bu sahə üzrə mütəxəssis deməkdir. Sosial işçi benefisiarla söhbət edərkən hansı ifadələri qurmalıdır və s. kimi incə təfərrüatları bilir, yanaşma tərzi fərqlidir. Sosial işçi ekosistemdəki bütün problemləri tapıb görməyi bacarmalıdır.
Ştatların olmaması da məhz bundan qaynaqlanır.

-Sizcə Azərbaycanda fiziki məhduddiyyətli insanlara qayğı işinin təşkili yetərli səviyyədədirmi?

-Qanunlar var. Amma mexanizmlər nə dərəcə işləyir? Mən burda axsamalar görürəm. İzah edim -bizdə ən ciddi problemlərdən biri budur ki, qanunlar var, amma onlar ehtiyacların üzərində qurulmur. Tutaq ki, fiziki məhdudiyyətli şəxslərin probleminin həllinə dair qanun hazırlanır. Dünya təcübəsində belədir ki, xidmət istifadəçilərinin özləri üçün yaradılacaq xidmətin hazırlanmasında iştirakı təmin olunur. Bu son dərəcə vacibdir. Fiziki məhdudiyyətli insandan yaxşı kim bilə biər ki, yolda yeriyərkən o hansı çətinliklərlə üzləşir və ya ümumiyyətlə həyatı boyu onun hansı çətinlikləri var?! Hansısa bir iaşə obyektinə girəndə hansı çətinliklərlə qarşılaşır? Dünya təcrübəsində əlilliyi olan insanların problemlərinin həlli üçün hansısa qanun hazırlananda bu insanlar özləri bu qanun layihəsinin işlənməsinə cəlb olunurlar. Sosial dəyişiliklər etmək istəyən çoxlu sayda fiziki məhdudiyyətli şəxslər var. Onlar bu prossesə cəlb oluna bilərlər. Halbuki, biz onların əvəzinə qərar veririk və buna görə də boşluqlar olur. Sosial işçilərin işləyə biləcəyi bir çox əhali qrupları var. Bunlar ahıllığı olan tənha insanlardır, küçə uşalqrıdır. Fiziki məhdudiyyətli böyük və kiçik yaş quparından olan insanlar, insan alverinə məruz qalmış şəxslər var.

– Bəs bu insanları qanun layihələrinin haızlanmasına necə cəlb etmək olar?

-Bu sahələrdə məşğul olan QHT-lər var, fəallar var, sosial işçilər tərəfindən sorğular keçirmək olar. Məsələyə daha köklü yanaşsaq, boşluqlar aradan qaldırılar. Biz əslində problemi sosial işçidən yox, o problemi olan insanların özündən soruşsaq daha faydalı iş görmüş olarıq. Ümumilikdə götürəndə, Azərbaycanda sosial işçilərin əhatə etdiyi sahələr və çeşidlər azdır. Məsələn, ahıllar üçün hansı xidmətlərimiz var? Yalnız qocalar evimiz var. Söz düşəndə deyirik ki, ailə institutumuz güclüdür, uşaq valideyninə yiyə durur. Amma, zaman dəyişir, cəmiyyət fərqli davranışlar nümayiş etdirir. Bütün qocalar qayğı ilə əhatə olunmur, bir qocalar evimiz var onun da müəyyən limiti var. Hər ahılı da ora yerləşdirmək olmur.

İnsan alverinə məruz qalmış və insan alveri qurbanına çevriləcək potensial qurbanlar var. Yəni şərait yaransa onlar risk qrupudur. Sosial işçinin olmaması bu problemin daha çox vüsət almasına gətirib çıxara bilər. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəzi Nazirliyinin nəzdində mütləq psixoloqlar və sosial işçilər fəaliyyət göstərməlidir. Tutaq ki, bir ailə müavinət almaq istəyir, hansısa bir sənəd düz gəlməyəndə problemin məğzi araşdırılmadan sənədlər geri göndərilir və o ailənin problemi çözülməmiş qalır.

Təhsil Nazirliyinin internat evlərində sosial işçilər yoxdur. Burda da bu işçilərin fəaliyyətinə böyük ehtiyac hiss olunur. Hansısa valideyn gətirib uşağını o internat evinə təhfil verəndə məsələyə sosial işçi müdaxilə edib bəlkə də bunun qarşısını ala bilər – valideynin sosial problemini həll etməklə. Uşaq üçün internat evində böyüməkdənsə, ailə mühitində böyümək daha yararlı ola bilər.

Sosial işçi cəmiyyətin problemlərinin görülüb, çatdırılmasında, həll yollarının tapılmasında mühüm rol oynayan şəxsdir və cəmiyyət üçün çox lazımlıdır.

İlhamə Rəsulova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir